Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Məlumata əsasən, bu qərar çərşənbə axşamı ABB-nin Səhmdarlarının ümumi yığıncağı çərçivısində qəbul edilib.
“Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda 2018-ci ilin martından bu vəzifəni müvəqqəti icra edən Abbas İbrahimov “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub”, - bankdan qeyd ediblər.
O cümlədən, 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.
Bankda qeyd ediblər ki, çərşənbə axşamı həmçinin ABB-nin Müşahidə Şurasının iclası olub. İclasda Bankın Baş direktoru Vasif Əhmədov İdarə Heyətinə üzv seçilərək İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
“Müşahidə Şurası 2019-cu il üzrə büdcə layihəsini müzakirə edib və Şuranın səlahiyyətlərinə aid olan bir sıra kredit müraciətlərinə dair qərarlar verib”, - bankdan bildiriblər.
"Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Əsas səhmdarı Maliyyə Nazirliyidir. **
Ə.Məmmədov