Azərbaycan pezidenti İlham Əliyev Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu KOB evlərində və “ASAN Kommunal” mərkəzlərində təşkil olunur.
Sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir Həmçinin fərmanda qeyd edilir ki, sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz.
Sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) 20 gün ərzində həyata keçirilməlidir.
Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, SOCAR və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasını, sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. **
B.Rüstəmbəyov