Valideynləri Mosulda hərbi əməliyyatlarda iştirak edən və həlak olan 20 uşaq İraqdan Azərbaycana qaytarılıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bəyan edib.
“Valideynlərini itirmiş 20 uşaq (“İslam Dövləti” terror təşkilatına qarşı İraq hökumətinin əks-terror əməliyyatları zamanı - İF) qaytarılaraq yaxın qohumlarının himayəsinə verilib”, - S.Heydərov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, həmin uşaqların uzun zaman dini-ideoloji müharibənin getdiyi yerlərdə yaşaması səbəbindən, onlar müvafiq təsirə məruz qalıblar.
“Hazırda onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə iş aparılır. Bundan əlavə, digər uşaqların Azərbaycana qaytarılması istiqamətində iş həyata keçirilir”, - o qeyd edib.
S.Heydərov bildirib ki, İraq ərazisində cinayət məsuliyyətinə cəlb olunan Azərbaycan vətəndaşı olan qadınlar var. “Onların bəziləri terror fəaliyyətinə görə həmin ölkənin qanunlarına əsasən edam cəzasına məhkum olunub. Digərləri ilə bağlı araşdırma davam edir”, - sədr müavini qeyd edib.
S.Heydərov vurğulayıb ki, Azərbaycan vətəndaşları ilə bağlı bütün məsələlər, həmçinin onların vətənə qayıtmaları ilə əlaqədar İraq hökuməti ilə danışıqlar aparılır. **
F.İsazadə