Azərbaycan Xarici İşlər Nazirliyi Harvard Universitetinin Kennedi məktəbinin Avrasiya Təhlükəsizliyi Proqramının direktoru Sergey Konoplyovun adını “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarıb.
“S.Konoplyov Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib”, - XİN-nin məlumatında deyilir.
Nazirlik qeyd edir ki, məktubunda S.Konoplyov Azərbaycanın razılığı olmadan 2012-ci ildə işğal olunmuş Azərbaycan ərazilərinə səfərinin doğuracağı nəticələr barədə məlumatlı olmadığını yazıb. O, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini ifadə edib. “S.Konoplyov işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini və gələcəkdə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməyəcəyini vurğulayıb”, - məlumatda qeyd olunur.
Bundan əlavə, S.Konoplyov gələcəkdə Azərbaycana səfər etməsi üçün icazə verilməsini xahiş edib. **
F.İsazadə