Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi 2019-cu ildə ölkə qarşısında duran ən başlıca vəzifə olaraq qalacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2018-ci ilin yekunlarına dair hesabatında deyilir.
“Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaq", - deyə sənəddə bildirilir.
Vurğulanır ki, növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycanınmilli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcək.
Sənəddə qeyd olunur ki, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasındaMDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləriçərçivəsində söhbətlər baş tutub və Azərbaycan Respublikasının xarici işlər naziri ilə ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib.
Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. “Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir”, - deyə XİN qeyd edir.*
R.Babayev