«AzerGold» QSC 2018-ci ildə 45,49 min unsiya qızıl hasil edib. Bu barədə cəmiyyətin məlumatında deyilir.
“2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib. Müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq hasilatda keçən ilə nisbətən 33% artıma nail olunub”, - deyə məlumatda bildirilir.
Şirkətin rəhbər və işçi heyətinin iştirakı ilə hasilatla bağlı keçirilən təqdimatda aparılan hasilat işləri, emal prosesi, Çovdar yatağının ehtiyatları, qızıl çıxımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
“Daha sonra tədbir hasilat işlərinin daha da optimallaşdırılması, Çovdar yatağının istismar müddətinin uzadılması, Tülallar və Ağyoxuş qızıl təzahürləri sahələrində aparılan işlər, 2019 və 2020-ci illər üzrə istehsalat proqnozları ətrafında geniş müzakirələrlə davam edib”, - deyə məlumatda qeyd olunur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova