“Azərkosmos” ASC 2018-ci ilin yanvar-noyabr aylarında iki peykin kommersiya istismarından $24 mln. məbləğində gəlir əldə edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Xidmətlər “Azerspace-1” və “Azersky” peykləri vasitəsilə göstərilib.
“Cari ilin yanvar-noyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 24 ölkəsinə xidmət ixrac edilib. Bu dövrdə xidmətin əsas həcmi Fransa, Malayziya, BƏƏ, Almaniya və Gürcüstana ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, “Azərkosmos” ASC 2017-ci ildə iki peykin kommersiya istismarından $23 mln. məbləğində gəlir əldə edib. Ötən il peyk telekommunikasiya xidmətlərininin (“Azerspace-1”) ixracından 14 mln. ABŞ dolları, optik peyk xidmətlərinin (“Azersky”) ixracından isə 9 mln. ABŞ dolları gəlir əldə edilib.
“Azərkosmos”un resurslarından istifadə edən əsas ölkələr bunlardır: Fransa, BƏƏ, Gürcüstan, Almaniya, Çin, Rusiya, Misir, CAR, Kipr, Polşa, İran, Qırğızıstan, Livan, Ukrayna, Böyük Britaniya. Ümumilikdə 20-yə yaxın ölkə ASC-nin xidmətlərindən faydalanır.
“Azerspace-1” peyki 2013-cü il fevralın 9-da Kuru kosmodromundan (Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında - İF) orbitə buraxılıb.
“Azerspace-2” peyki 2018-ci ilin sentyabr ayında Kuru kosmodromundan orbitə buraxılıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
B.Rüstəmbəyov