2019-cu ildə Azərbaycan Mərkəzi Bankının pul siyasəti orta illik inflyasiyanın 4% səvviyyəsində saxlanılmasına yönəldiləcək.
“2019-cu ildə pul siyasətinin hədəfi - inflyasiyanı 4% səvviyyəsində saxlanmaqdır (±2%). Bunun üçün AMB pul siyasətinin alətlərindən istifadə etmək niyyətindədir”, - AMB-nin 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bundan əlavə, Mərkəzi Bank iqtisadi subyektlərin inflyasiya gözləntilərinin stabilləşdirilməsinə yönəldilmiş tədbirlərini davam etdirəcək.
Vurğulanır ki, manatın məzənnəsinin dinamikası növbəti aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. “Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək”, - bəyanatda vurğulanır.
Eyni zamanda, AMB qeyd edir ki, 2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2.3% təşkil edəcək.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov