Bakı Düşənbəyə Azərbaycanın tranzit-nəqliyyat imkanlarından fəal şəkildə istifadə etməyi təklif edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İqtisadiyyat naziri Şahin Mustafayev Düşənbədə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Neymətulla Hikmətullazadə ilə görüşdə Azərbaycanın tranzit-nəqliyyat imkanlarından daha geniş şəkildə istifadə etməyi təklif edib.
Ş.Mustafayev qeyd edib ki, hazırda Azərbaycan-Tacikistan əlaqələri müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əlaqələridir. “Azərbaycan əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Tacikistan ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş şəkildə istifadə edə bilər”, - deyə o qeyd edib.
Görüşdə, həmçinin, Azərbaycan və Tacikistan arasında sənaye məhsullarının, xüsusilə də Azərbaycanda istehsal olunan elektrik avadanlıqlarının Tacikistana ixracına, yerli məhsullarımızın Tacikistanda həyata keçirilən layihələrdə istifadəsinə, Tacikistanda keçirilən tenderlərdə Azərbaycan şirkətlərinin iştirakına, sənaye məhsullarımızla yaxından tanışlıq məqsədilə Azərbaycanın sənaye müəssisələrinə səfərlərin təşkilinə, Tacikistanda təqdimatların keçirilməsinə dair müzakirələr aparılıb.
Bundan başqa, kənd təsərrüfatı, xüsusilə pambıqçılıq, ipəkçilik sahələrində təcrübə mübadiləsinə və əməkdaşlığa, turizm sahəsində əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Ş.Mustafayev Tacikistanın baş naziri Koxir Rəsulzadə ilə də görüşüb.
İqtisadiyyat naziri bildirib ki, indiyədək Azərbaycan və Tacikistan arasında 60-a yaxın sənəd imzalanıb. 2018-ci ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 3,1 dəfə artıb.
O, sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.*
B.Rüstəmbəyov