Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcəsini təsdiq edib.
Dövləty başçısının saytında dərc olunan sənədə əsasən, ARDNF-in 2019-cu il büdcəsinin gəlirləri 15 mlrd. 450 mln. 149,7 min manat, xərcləri 11 mlrd. 595 mln. 238,4 min manat həcmində proqnozlaşdırılır.
Beləliklə, ARDNF-nin büdcəsinin profisiti 3 mlrd. 854 mln. 911,3 min manat səviyyəsində proqnozlaşdırılır.
Fondun 2019-cu il üçün gəlirləri neftin bir barelinin orta qiymətli 60 dollardan götürülməklə hesablanıb.
2019-cu ildə Azərbaycanın mənfəət nefti və qazının satışından daxilolmalar 13 mlrd. 218 mln. 752,6 min manat və ya ARDNF-in cari il üçün bütün gəlirlərinin 85,6%-ni təşkil edəcək.
Neft-qaz şirkətlərinin ödəyəcəkləri bonuslar 765 mln. 170 min manat, ARDNF-nin valyuta aktivlərinin idarəolunmasından gəlirləri 1 mlrd. 442,495,1 min manat həcmində proqnozlaşdırılır.Bundan əlavə, tranzit gəlirlər 19,04 mln. manat, akr hesabı ödənişlər 4,692 mln. manat həcmində proqnozlaşdırılır.
Fondun xərcləri strukturunda 11 mlrd. 364,3 mln. manat və ya 98%-ni dövlət büdcəsinə transfertlər, 200 mln. manat - qaçqın və məcburi köçkünlərin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması tədbirlərinə xərclər təşkil edəcək.
Bundan başqa, Fondun idarəolunması ilə bağlı xərclər 30 mln. 938,4 min manat məbləğində nəzərdə tutulur.
2018-ci il üçün ARDNF-nin gəlirləri 15 mlrd. 310 mln. 823,9 min manat, xərcləri 11 mlrd. 480 mln. 221,8 min manat səviyyəsində proqnozlaşdırılır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova