Azərbaycan prezidenti İlham Əliyev Braziliya ilə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumatda deyilir ki, Braziliya Federativ Respublikasının Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ilə görüşdə İ.Əliyev vurğulayıb ki, Bakı Brazilia ilə əlaqələrə böyük önəm verir.
Siyasi sahədə əlaqələrin qarşılıqlı anlaşmaya əsaslanaraq tarazlı şəkildə inkişaf etdiyini bildirən prezident ticari-iqtisadi əlaqələrin və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı fəaliyyətin artırılmasının zəruriliyini qeyd etdi.
İki ölkə arasında aviasiya sahəsində əməkdaşlığa toxunan dövlətimizin başçısı, həmçinin mədəniyyət və turizm sahələrində də əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirdi.
Öz növbəsində, səfir iki ölkə arasında siyasi məsləhətləşmələrin aparıldığını qeyd edərək iqtisadi, ticarət və digər sahələrdə iki ölkənin mövcud potensialından istifadə edilməsi üçün səylərin artırılmasının zəruriliyini bildirdi. Diplomat ümidvar olduğunu dedi ki, iqtisadi məsələlər üzrə ikitərəfli işçi qrupunun keçirilməsi nəzərdə tutulan növbəti iclası bu istiqamətdə əməkdaşlığın inkişafına töhfə verəcək. **
R.Babayev