Azərbaycan və Səudiyyə Ərəbistanıiqtisadi, ticarət, investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq göstərir. Bunu prezident İlham Əliyev deyib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Səudiyyə Ərəbistanı Krallığının Bakıda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ilə görüşdə İ.Əliyev Bakı və Ər-Riyad arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, güclü siyasi əlaqələrin qurulduğunu bildirib.
“Prezident Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı və ədalətli mövqeyini ardıcıl surətdə dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğuladı”, - məlumatda deyilir.
İ.Əliyev Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayının sürətlə artmasını əlaqələrimizin gözəl nümunəsi kimi dəyərləndirdi.
Öz növbəsində, səfir vurğuladı ki, Kral Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.
“Diplomat iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi”, - məlumatda vurğulanır. **
R.Babayev