Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib. Bu barədə bu gün rəsmi KİV-lər xəbər verir.
Sənədə əsasən respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.
Bundan başqa, sərəncamda paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili, bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi planlaşdırılır.
1990-cı ilin yanvarında respublikanın SSRİ-nin tərkibindən çıxmasına dəstək əlaməti olaraq keçirilən kütləvi nümayişləri güc yolu ilə yatırmaq məqsədilə sovet qoşunlarının Azərbaycana yeridilməsi nəticəsində təkcə Bakıda 130 nəfərdən çox mülki vətəndaş öldürülüb, 600 nəfərdən çox adam yaralanıb, sovet qoşunları şəhərdə çox böyük dağıntılar törədiblər. Bu günə qədər 400 nəfərdən çox şəxsin taleyi məlum deyil.*