2019-cu ildə PSA tipli sazişlər çərçivəsində Azərbaycanın payına düşən mənfəət neftinin və qazın satışı üzrə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daxilolmaları $7 mlrd. 775,7 mln. (13 mlrd. 218 mln. 752,6 min manat) məbləğində proqnozlaşdırılır. Bu barədə Neft Fondunun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
Dövlət Neft Fondunun 2019-cu il büdcə layihəsində fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb: “Azəri-Çıraq-Günəşli” bloku üzrə $6 mlrd. 790 mln.; “Şahdəniz” yatağı üzrə $944 mln.; Kürsəngi və Qarabağlı yataqları üzrə $2,38 mln.; Suraxanı və Qaraçuxur yataqları üzrə $5,7 mln.; Zığ-Hövsan yatağı üzrə $2,99 mln.; Muradxanlı, Cəfərli və Zərdab yataqları üzrə $0,02 mln.; Neftçala və Xıllı yataqları üzrə $1,43 mln.; Mişovdağ və Kəlaməddin yataqları üzrə $3,69 mln.; Kürovdağ yatağı üzrə $7,04 mln.; Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı yatağı üzrə $9,54 mln.; Binəqədi blokuna daxil olan yataqlar üzrə $8,69 mln.; Qum-Dəniz və Bahar yataqları üzrə $0,26 mln..
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova