Əmlak Xidmətləri Məkanında gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.
Prezident İlham Əliyev bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib.
«K.Həsənov qeyd edib ki, şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda xidmətlər göstəriləcək. Burada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır», - deyə məlumatda bildirilir.
Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib.
Əmlak Xidmətləri Məkanında komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.*
F.İsazadə