2018-ci il iyulun 10-da Gəncədə baş vermiş iğtişaşla bağlı bir neçə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
«Gəncə hadisələri ilə bağlı 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir», - deyə yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-də axşam saatlarında Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Nəticədə E.Vəliyev yaralanıb. Sui-qəsdi törədən Yunis Səfərov hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində saxlanılıb. İstintaq Y.Səfərovun hərəkətlərini məqsədyönlü və planlaşdırılmış terror aktı kimi qiymətləndirib.
İyulun 10-da axşam saatlarında Gəncə şəhərində razılaşdırılmayan aksiyanın qarşısının alınması zamanı iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini Səməd Abbasov həlak olublar.
Aksiya Y.Səfərova dəstək məqsədi daşıyıb. Aksiyanı 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.
Müşavirədə qeyd olunub ki, Y.Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.*
R.Babayev