Azərbaycanın gömrük orqanları 2 kq-dan çox kokainin Azərbaycan ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Külli miqdarda narkotik vasitə - kokain turist qismində gəldiyini bildirən Boliviya Respublikasının vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2,065 kq kokain aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.
Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb. Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeyro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə gətirib”, - deyə məlumatda qeyd olunur.
Cinayətin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
R.Babayev