Azərbaycanda donuz qripinə yoluxma halları qeydə alınmayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Azərbaycanda donuz qripinə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olmuş, donuz qripi aşkar olunmayıb”, - məlumatda deyilir.
Nazirlik qeyd edir ki, mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb.
“Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir”, - deyə mətbiat xidməti qeyd edir ki, əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarət gücləndirilib.
“Müvafiq xəstəxanalarda donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib”, - məlumatda vurğulanır. **
R.Babayev