2019-cu ilin əvvəlindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilir.
“Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam edir.
Yanvar ayının əvvəlindən indiyədək DSX-nin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub”, - məlumatda deyilir
“6 yanvar tarixində saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskovatorun çalovuna dəyib”, - DSX-dən məlumat verilir.
“Güllə ekskovatorun kabinasının sağ şüşəsini sındırıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - məlumatda vurğulanır. **
R.Babayev