Azərbaycanın Butan Krallığında akkreditə olunmuş səfiri Əşrəf Şıxaliyev etimadnaməsini Kral Ciqme Khesar Namqal Vanqçuka təqdim edib. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat verilib.
“Diplomat, həmçinin ölkənin baş naziri, xarici işlər naziri, Milli Assambleyanın sədri, Ümummilli Xoşbəxtlik Komissiyasının və Turizm Şurasının rəhbərləri ilə də görüşüb”, - deyə məlumatda bildirilir.
Görüşlər zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda Azərbaycanın sədrliyi ilə cari ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti sammitində Butanın baş nazirinin rəhbərliyi altında nümayəndə heyətinin iştirakının vacibliyi qeyd edilib.
Butan hökumətinin nümayəndələri “ASAN xidmət” sistemini öyrənməyə maraq göstəriblər.
“Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, informasiya-kommunikasiya texnologiyaları və turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Butan rəsmiləri Azərbaycan ilə bu istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunur.*
R.Babayev