"Azərxalça" ASC İsmayıllı filialının istehsalat binasında tikinti işlərinin 2019-cu ilin aprel ayında başa çatdırılmasını nəzərdə tutur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
“Dövlət başçısının sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsindən "Azərxalça" ASC-yə 2,4 mln. manat vəsait ayrılıb”, - deyə məlumatda bildirilir.
Hazırda "Azərxalça"nın 11 filialı fəaliyyət göstərir.
«2018-ci ilin yekunları üzrə cəmiyyətin müəssisələrində 1,456 min ədəd 5,049 min kvadratmetr xalça toxunub», - deyə məlumatda vurğulanır.
"Azərxalça" respublikada xalçaçılıq şəbəkəsinin genişləndirilməsi istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək. 2019-cu ildə də ölkənin müxtəlif şəhər və rayonlarında yeni filialların yaradılması nəzərdə tutulub. Cari ilin sonuna qədər cəmiyyətin bütün filiallarının yaradılması prosesi başa çatdırıldıqdan sonra "Azərxalça"nın emalatxanalarında 5 mindən çox insan çalışacaq.
"Azərxalça" ASC prezident İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Yaxın illərdə cəmiyyətin filiallarının sayının 30-a çatdırılması planlaşdırılır.*
B.Rüstəmbəyov