Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ötən gün ərzində 15 kq-dan çox müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yanvarın 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 3 fakt üzrə çəkisi 15 kq-dan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Belə ki,daxil olmuş məlumat əsasında Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Həbib Məmmədzadənin üzərindən və evindən 1,3 kiloqramdan çox heroin aşkar edilərək götürülüb.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana götürülüb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 1,5 qram heroin, 10,7 qram tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.*
R.Babayev