Ötən gün Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 23 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kq heroin götürülərək dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Yanvarın 8-də təkcə dörd fakt üzrə 23 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaradağ rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlkin Əliyevdən və Rüstəm Kərimlidən 8 kiloqram 260 qram tiryək və 6 kiloqram heroin götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müzəffər Həsənov narkotik vasitə olan heroini satarkən cinayət başında yaxalanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 3 kiloqramdan artıq heroin aşkarlanıb.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar kəndində yaşayan Zəfər Səfərovun evindən 5 kiloqram marixuana, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Xudat şəhər sakini Zaur Əliyevdən 437 qram marixuana götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.*
R.Babayev