2018-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı 790 min barel (noyabrda 801 min barel) olub. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Azərbaycanda dekabr ayı ərzində gündəlik neft hasilatı 790 min barel olub. Bunun 721 min barelini xam neft, 69 min barelini kondensat təşkil edib”, - məlumatda bildirilir.
Bütövlükdə, Azərbaycan OPEC+ razılaşması çərçivəsində neft hasilatının azaldılması ilə bağlı götürdüyü öhdəliyi dekabrda yerinə yetirib.
Razılaşmaya əsasən, Azərbaycan gündəlik neft hasilatının 35 min barelə endirilərək 834 min barel həcmində saxlanması ilə bağlı öhdəlik götürüb.
Həmçinin məlumat verilib ki, dekabr ayında gündəlik 617 min barel xam neft, 69 min barel kondensat, 13,4 min barel isə neft məhsulları ixrac edilib.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 10-da OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.
Xəbər verildiyi kimi, dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri – 2% azalmağa dair öhdəlik götürüb. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.
Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel - 776 min barrelədək azaltmaq öhdəliyi götürüb. ** N.Abbasova