Azərbaycanın Avstraliyadakı səfirliyinə göndərilən şübhəli bağlama polisə təhvil verilib. Bu barədə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə “AzərTAc” Agentliyinə bildirib.
Diplomat qeyd edib ki, Avstraliya Xarici İşlər və Ticarət Departamentindən daxil olan xəbərdarlıq nəzərə alınaraq, dərhal polislə əlaqə yaradılıb.
“Yanvarın 10-da səhər saatlarında bağlama polis əməkdaşlarına təhvil verilib”, - o bildirib.
E.Həbibzadə bəyan edib ki, səfirliyin fəaliyyəti üçün heç bir təhlükə yoxdur və diplomatik heyət işini müvafiq qaydada davam etdirir.
Dünən Avstraliya polisi Melburn, Kanberra və Sidneydə yerləşən səfirlik və konsulluqlarına 38 şübhəli bağlama göndərilməsi ilə bağlı bir nəfəri həbs edib. Viktoriya ştatının Şepparton şəhərində yaşayan 48 yaşlı kişi təhlükəli bağlamaların göndərilməsində şübhəli bilinərək həbs olunub.
Həmin şəxs yanvarın 10-da Melburnun magistr məhkəməsi qarşısında cavab verəcək. Günahı təsdiq olunacağı təqdirdə bu şəxsi 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. **
F.İsazadə