2018-ci ildə “Azərbaycan Kredit Bürosu” (AKB) MMC-yə 1 mln. 845,147 min sorğu daxil olub. Bu barədə Bürodan məlumat verilib.
“Ötən il Büroda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 1 mln. 845,147 min sorğu həyata keçirilib. Hesabat dövründə Büroda aparılmış sorğuların 1 mln. 651,065 mini 30 bank, 194,082 mini isə 38 bank olmayan kredit təşkilatı tərəfindən həyata keçirilib”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycan Kredit Bürosunda kredit təşkilatları tərəfindən həyata keçirilən sorğuların sayı 2017-ci illə müqayisədə 70% artıb.
Məlumatda qeyd olunur ki, Büro ilə müqavilə imzalamış təşkilatların sayı 120-yə çatıb.
Qeyd olunan dövr ərzində 12,659 min şəxs öz kredit hesabatlarını əldə etmək məqsədi ilə Büroya müraciət edib.
“Müraciət etmiş şəxslərin 12,573 mini fiziki, 86-sı isə hüquqi şəxslər olub”, - deyə məlumatda qeyd olunur.
2017-ci ilin dekabr ayında özəl kredit bürosunun yaradılması üzrə təşəbbüs qrupunun iclasında "Azərbaycan Kredit Bürosu" MMC-nin təsis edilməsi qərara alınıb. Büronun təsisçiləri "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Bank Respublika" ASC, "Xalq Bank" ASC, "Kapital Bank" ASC, "PAŞA Bank" ASC, "Rabitəbank" ASC, "Unibank KB" ASC və "Ziraat Bank Azərbaycan" ASC olub. Büro 2018-ci il fevralın 1-də fəaliyyətə başlayıb və nizamnamə kapitalı 2 mln. manata bərabərdir.
Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.*
Ə.Məmmədov