Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi, döyüş texnikası və silah-sursatla tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı mübarizə kompleksi, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkündür”, - məlumatda deyilir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət başçısına “Savalan” tipli müasir sərhəd gözətçi gəmisinin layihəsi, həmçinin “Milli Boat” proqramı çərçivəsində yeni itisürətli üzmə vasitələri, yedək gəmilərini təqdim etdi.
Prezident Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tikintisini əks etdirən videoçarxa baxdı, onların texniki göstəriciləri ilə tanış oldu.
Sonra İ.Əliyevə yeni xüsusi təyinatlı döyüş texnikası və silah-sursat, pilotsuz uçan aparatlar, tank əleyhinə idarə olunan raketlər, lazer hədəf tuşlama sistemləri, termal müşahidə cihazları təqdim olundu. Bu döyüş texnikası və silah-sursat dünyanın ən aparıcı ölkələrinin məhsullarıdır. **
R.Babayev