Yanvar ayının sonunadək Bakı və Brüssel Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair yeni saziş üzrə bir sıra danışıqlar keçirəcək. Bu barədə Aİ-nin Bakı nümayəndəliyinin siyasi və mətbuat şöbəsinin rəhbəri Denis Daniilidis məlumat verib.
“Danışıqlar Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair yeni sazişin hər üç blokunu əhatə edəcək və yanvarın sonunadək Bakı və Brüsseldə videokonfranslar və görüşlər formatında keçiriləcək”, - D.Daniilidis “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Öncə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib ki, yeni saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. O cümlədən, bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
11 iyul 2018-ci il tarixində Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi imzalanıb.
Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Brüssel və Bakı 2019-cu ildə strateji tərəfdaşlığa dair yeni sazişin imzalanmasına ümid edir.**
F.İsazadə