Azərbaycan, Əfqanıstan və Türkmənistan Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralının çəkilməsi məqsədilə işçi qrupun yaradacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Cümə axşamı Bakıda Azərbaycan, Əfqanıstan və Türkmənistan rəsmiləri arasında transmilli fiber-optik magistrallar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə üçtərəfli görüş keçirilib.
Nazirlikdən qeyd ediblər ki, görüş zamanı Xəzər dənizinin dibi ilə “Siyəzən-Türkmənbaşı” fiber-optik kabel magistralının çəkilməsi, o cümlədən Türkmənistan ərazisi ilə Əfqanıstanın internetlə təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla bağlı texniki-iqtisadi əsaslandırma işlərinin həyata keçirilməsi məqsədilə üç ölkənin mütəxəssislərinin iştirakı ilə birgə işçi qrupun yaradılması qərara alınıb.
Görüşdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Əfqanıstan İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Şahzad Aryobi, həmçinin adıçəkilən ölkənin maliyyə naziri Məhəmməd Humayun Qayomi, Türkmənistanın “Aşqabat Şəhər Telefon Şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru Yusup Kerimov, “Türkməntelekom” şirkətinin baş direktor müavini Durdelı Atayev və Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay iştirak ediblər. **
B.Rüstəmbəyov