Dövlət Sərhəd Xidməti Azərbaycan prezidenti İlham Əliyevə İsrailin “Elbit Systems” şirkətinin istehsalı olan “Sky Striker” zərbəendirici pilotsuz uçuş aparatlarını (PUA) nümayiş etdirib.
İ.Əliyevin Bakının Türkan qəsəbəsində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinə səfəri zamanı PUA təqdim olunub.
Prezident İ.Əliyevin səfərindən fotolar rəsmi mətbuatda dərc olunub.
“Sky Striker” uzaq məsafədə düşmənə taktiki zərbələr endirmək üçün nəzərdə tutulan döyüş sursatıdır. Bu məqsədlə dron 5 və ya 10 kq döyüş başlıqları ilə təchiz olunur. PUA 5 kq başlıq ilə havada qalma müddəti 2 saat, 10 kq başlıq ilə - bir saata qədər təşkil edir. PUA-nın maksimum uçuş sürəti 185 km/saat, hədəfə şığıma zamanı sürəti - 500 km/saatadək təşkil edir.
O cümlədən, PUA aşağı yüksəkliklərdə gizli əməliyyatlar həyata keçirməyə imkan verən alçaq səsli elektrik mühərrik sisteminə malikdir. “Sky Striker” avtonom naviqasiya sistemini tətbiq edir. Dronun operatoru hücumu dayandırmaq, hədəfdən yayınmaq, bu və ya digər hədəflərə yenidən hücum etmək, həmçinin paraşüt və hava torbasından istifadə etməklə əməliyyatın istənilən mərhələsində aparatı bazaya qaytarmaq imkanına malikdir. **
F.İsazadə