Nazirlər Kabineti Azərbaycana gətirilən tütün məmulatlarının aksiz dərəcələrinin artırılmasına dair qərar qəbul edib.
Qərara əsasən Azərbaycana idxal edilən siqarların hər bir ədədi üçün 1 manat (hazırda siqarların 1 000 ədədi üçün 20 manat aksiz vergisi alınır), siqaretlərin 1 000 ədədi üçün 28 manat (hazırda 12 manat), siqarillaların 1000 ədədi üçün 20 manat (hazırda 10 manat) aksiz vergisi tətbiq olunacaq.
Bu dərəcələr ölkəyə gətirilən, tərkibində tütün əvəzləyicisi olan siqar, siqarilla və siqaretlərə də tətbiq olunub. Bundan başqa, elektron siqaretlər üçün mayenin hər litrinə20manat aksiz vergisi tutulacaq.
Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan energetik içkilər üçün də yeni aksiz dərəcələri tətbiq olunur. Belə ki, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, alkoqollu energetik içkilərin hər litrinə 2 manat aksiz vergisi tutulacaq.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 8-dən etibarən qüvvəyə minəcək.*
Ə.Məmmədov