Rəsmi Bakı ATƏT məkanında münaqişələrin həlli məsələsinin Bratislavanin prioritet məsələlərinə daxil etməsinə dair Slovakiyanın xarici işlər naziri Miroslav Layçakın bəyanatını alqışlayır. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
2019-cu ildə Slovakiya ATƏT-ə sədrlik edir.
“Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin (Slovakiyanın xarici işlər naziri - İF) regionda sülh və stabillik naminə nəticəyə yönəlik Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların aparılmasının zəruriliyi barədə konstruktiv yanaşmasını alqışlayır”, - L.Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O vurğulayıb ki, M.Layçakın mövqeyi Azərbaycan, ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birliyin rəyi və yanaşması ilə üst-üstə düşür.
“Tam aydındır ki, münaqişənin sülh yolu ilə həllini artıq uzatmaq olmaz. 2019-cu ildə hazırda münaqişədə mövcud status-kvonun aradan qaldırılması məqsədilə hər cür səy göstərmək lazımdır”, - L.Abdullayeva qeyd edib.
O əmindir ki, həlli uzanmış münaqişələrin nizamlanması məsələsinin ATƏT-ə sədrliyi dövründə Slovakiyanın prioritetlərə daxil etməsi son dərəcə aktual və qanuna uyğundur.
Öncə M.Layçak bəyan edib ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hadisələrin müsbət inkişafı zamanı meydana gələn imkanlardan yararlanmaq niyyətindədir. “Biz Dnestryanı bölgədə, Dağlıq Qarabağda nizamlanma prosesində müsbət impulslar nəticəsində meydana gələn imkanlardan istifadə etmək məqsədilə və Erqnetidə baş verən insidentlərin qarşısını almaq, həmçinin onlara reaksiya vermək çərçivəsində görüşlərin bərpası üzərində çalışacağıq”, - M.Layçak bildirib. **
F.İsazadə