Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə konsorsium 3,9 mlrd. avro dəyərində layihənin maliyyələşdirilməsini yekunlaşdırıb. Bu barədə konsorsiumun məlumatında deyilir.
«Avropada strateji layihələrdən biri olan TAP 2018-ci ilin dekabr ayında 3,9 mlrd. avro almaqla layihənin maliyyələşdirilməsini yekunlaşdırıb», - deyə məlumatda qeyd olunur.
Layihə çərçivəsində ödəniş müddəti 16,5 il olmaqla 3 mlrd. 765 mln. avro ayrılıb. Maliyyələşmə 17 kommersiya bankı və ixrac kredit agentliklərindən ibarət qrup tərəfindən təmin edilib: Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) – 1 mlrd. avro, Avropa İnvestisiya Bankı (AİB) – 700 mln. avro, kommersiya bankları - 635 mln. avro, bpifrance - 450 mln. avro, Euler Hermes - 280 mln. avro, Sace - 700 mln. avro.
Daha əvvəl xərclər TAP-ın səhmdarları olan BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) tərəfindən tam şəkildə maliyyələşdirilirdi.
“İndi maliyyələşmənin yekunlaşması ilə TAP tikintinin başa çatdırılması və 2020-ci ildə “Şahdəniz” yatağının işlənməsi üzrə Mərhələ-2 çərçivəsində qazın nəqli ilə bağlı işlərə keçə bilər”, - deyə TAP-ın icraçı direktoru Luka Şipati bildirib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.*
N.Abbasova