17 yanvar 2019-cu il tarixində SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) şirkətin istiqrazlarının sahiblərinə faizlər üzrə doqquzuncu dəfə $1,25 mln. məbləğində ödəniş həyata keçirəcək. Bu barədə "SOCAR Capital" şirkətinin məlumatında deyilir.
“Yanvarın 17-də Azərbaycan Dövlət Neft Şirkətinin istiqrazlarının sahiblərinə 2019-cu ildə $12,5 mln. ümumi məbləğdə faiz ödənişi həyata keçirəcək. Həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək və onlar istədikləri kimi ondan istifadə edə bilərlər”, - məlumatda bildirilir.
"SOCAR Capital"ın məlumatına görə, indiyədək ARDNŞ-nin istiqraz sahiblərinə $10 mln. ümumi məbləğdə fazilər üzrə səkkiz ödəniş həyata keçirilib.
“Hazırki ödəniş nəzərə alınmaqla, istiqarz sahiblərinin qazancı $11,25 mln. təşkil edəcək”, - məlumatda vurğulanır.
Şirkətin məlumatına əsasən, SOCAR istiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda $170 mln. keçib. 2018-ci ildə Bakı Fond Birjasında qiymətli kağızların alqı-satqısı üzrə qədlərin sayı 800-ü ötüb.
“SOCAR istiqrazlarının ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edir”, - məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, 2016-cı ilin sentyabr ayında SOCAR daxili bazarda birinci emissiyadan olan $100 mln. məbləğində istiqrazın yerləşdirilməsini həyata keçirib. İstiqrazlara tələb $203,4 mln.-u ötüb.
Emissiya bir qiymətli kağızın nominal dəyəri $1 min olan 100 min ədəd istiqraza bölünüb. Kağızların buraxılmasında məqsəd şirkətin maliyyə kanallarının şaxələndirilməsi və əhali üçün yeni investisiya imkanlarının yaradılmasıdır.
İstiqrazlar üzrə gəlirlilik ildə 5% təşkil edəcək. SOCAR istiqrazlarının faizləri hər 3 aydan bir ödənilir. **
N.Abbasova