2018-ci ildə Azərbaycan iqtisadiyyatına ümumi sərmayələr 17,2 mlrd. manat təşkil edib. Bunu prezident İlham Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
“Ölkə iqtisadiyyatına keçən il 17,2 mlrd. manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 mlrd. manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir”, - İ.Əliyev deyib.
“Dünya Bankının son hesabatında (Doing Business - İF) bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaq”, - dövlət başçısı vurğulayıb.
Prezident əlavə edib ki, Azərbaycanın valyuta ehtiyatları 3 mlrd. dollar - 45 mlrd. dollara qədər artıb.
O həmçinin vurğulayır ki, xarici borc ÜDM-in 22,8%-dən 19%-ə düşüb. “Bu çox müsbət haldır.Əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik”, - prezident bəyan edib.
O cümlədən, İ.Əliyev qeyd edib ki, 2018-ci ildə Azərbaycan ixracı 36% artıb. “Ümumi rəqəmi götürsək, ixracımız 19 mlrd. dollara çatıb. Xarici ticarət balansında müsbət saldo – yəni, ixracın idxalı üstələməsi 8,6 mlrd. dollar təşkil edir”, - dövlət başçısı vurğulayıb.**
Ə.Məmmədov