Azərbaycan 2019-cu ildə kölgə iqtisadiyyatına qarşı mübarizəni davam etdirəcək. Bunu prezident İlham Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, vergi, gömrük və digər sahələrdə aparılan islahatlar kölgə iqtisadiyyatına mühüm zərbə vurub.
“Ötən il böyük islahatlar həyata keçirdik. Mən tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq.Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”, - dövlət başçısı bildirib.
İ.Əliyev qeyd edib ki, vergi sahəsində aparılan islahatlar və icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq.
“Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır”, - prezident qeyd edib.**
Ə.Məmmədov