Azərbaycan prezidenti İlham Əliyev hesab edir ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur.
“Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır”, - İ.Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Prezident qeyd edib ki, Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi mövqeyinin bu Konvensiyada tam öz əksini tapmasına sevinir.
“Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir. Bu Konvensiyanın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur”, - İ.Əliyev vurğulayıb. **
F.İsazadə