2019-cu ildə Bakı Metropoliteni fözvqəladə vəziyyətə hazırlıq məqsədilə müasir tipli generatorlarla tam təchiz olunacaq. Bunu prezident İlham Əliyev deyib.
“Keçənilki qəzadan sonra aydın oldu ki, bizim strateji obyektlərimiz bu fövqəladə vəziyyətə hazır deyil və bu, böyük təəssüf hissi yaradır. Əlbəttə ki, bu strateji obyektlərə rəhbərlik edən şəxslər də tənbeh olundu. İndi isə görülən və görüləcək işlər nəticəsində bütün strateji obyektlərdə müasir generator sistemi quraşdırılacaq”, - İ.Əliyev cümə günü Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, bu məqsədlər üçün vəsait ayrıldı. İlk növbədə, metro stansiyalarında generatorlar quraşdırılacaq.
“Artıq kontraktlar da imzalandı və bu il biz bunu tam şəkildə təmin edəcəyik. Bu, bizə imkan verəcək ki, əgər hər hansı bir qəza olarsa, metro tunelində heç bir qatar qalmasın. Yəni, bu generatorlar imkan verəcək ki, qatarlar stansiyaya qədər gəlsin və vətəndaşlar stansiyaya həm rahat düşə bilsinlər, həm də eskalatorlarla qalxa bilsinlər”, - prezident vurğulayıb.
Prezident həmçinin məlumat verib ki, bütün strateji səhiyyə obyektləri generatorlarla təchiz olunacaq. “Bizim bütün strateji səhiyyə obyektlərində də təftiş aparıldı və bütün obyektlərdə bu sahədə tam təminat (generatorlarla - İF) təşkil ediləcək”, - İ.Əliyev bildirib. **
N.Abbasova