Dövlət Gömrük Komitəsi 2018-ci ildə 10 mindən artıq hüquqpozma faktının qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri SəfərMehdiyev cümə günü məlumat verib.
“2018-ci ildə əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9 672 hüquqpozma faktı aşkarlanıb. Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar edilib və bu faktlar üzrə ümumilikdə 1 ton 193 kiloqram narkotik vasitə və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.Ötən i gömrük orqanları tərəfindən 308 nəfər cinayət məsuliyyətinə cəlb olunub”, - S.Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
O qeyd edib ki, ötən il aşkar edilmiş 8925 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 332 hüquqi şəxs və 8608 fiziki şəxs barəsində inzibati qaydada tədbirlər görülüb.
“Qaçaqmalçılıq predmeti olan malların ümumi dəyəri 107 milyon manat olub, 416 milyon manatdan çox imtiyaz hüququ olmayan malların güzəştli qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi cəhdlərinin qarşısı alınıb”, - S.Mehdiyev bəyan edib.
O, həmçinin bildirib ki, ötən il xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük tutduğu vəzifədən azad edilib, 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. **
Ə.Məmmədov