2018-ci ildə icbari sosial sığorta üzrə daxilolmalar 2017-ci illə müqayisədə 11,8% artaraq 2,332 mlrd. manat təşkil edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“2017-ci ildə sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 mln. manat çox yığılaraq (artım 11,8%) 2,332 mlrd. manata çatıb”, - S.Babayev Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Nazirin sözlərinə görə, icbari sosial sığorta haqlarının 64%-ni özəl sektor təmin edib.
“Qeyri-büdcə sektoru üzrə yığım 1,494 mlrd. manatı keçib, bu da 2017-ci ilin göstəricisindən 152 mln. manat çox (11,3%), proqnozla müqayisədə isə 6,1% və ya 86 mln. manat çox olub”, - o qeyd edib.
S.Babayev bildirib ki,ötən il Fondun xərcləri 3,682 mlrd manat təşkil edib.
“2018-ci ildə DSMF-nin xərcləri 3 mlrd. 682 mln. manat təşkil edib və bunun 97,85-i əhaliyə ödənişlərə yönəldilib”, - nazir vurğulayıb.
Onun sözlərinə görə, 2018-ci ildə ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7%, sosial müavinətlər və təqaüdlər isə 10% artırılıb
“Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8%, yaşa görə pensiya isə 7,3% çox olub”, - S.Babayev bəyan edib. **
R.Babayev