Slovakiyanın xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak cari ilin fevral ayında Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“M.Layçak regiona səfər etməyi planlaşdırır. ATƏT-in sədrinin bu səfəri cari ilin fevral ayında həyata keçirəcəyi gözlənilir”, - agentliyin həmsöhbəti bildirib.
Eyni zamanda, Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva qeyd edib ki, hələlik nazirliyə M.Layçakın Azərbaycana səfəri barədə ATƏT-dən rəsmi müraciət daxil olmayıb.
“ATƏT-in fəaliyyətdə olan sədrinin regiona səfərinə dair planları barədə şifahi bəyanatı haqqında məlumatımız var. Lakin, Azərbaycan XİN-ə M.Layçakın səfərinin tarixi barədə rəsmi məktub daxil olmayıb”, - L.Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib. **
F.İsazadə