Fevralın 20-də Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Toplantıda “Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş dövlətlərin, eləcə də digər ölkələrin nümayəndələri, layihənin səhmdarlarının və beynəlxalq maliyyə qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə keçən il fevralın 15-də keçirilib.
“Cənub Qaz Dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəməri infrastrukturunun yaradılmasını nəzərdə tutur.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin dəyəri $41,5 mlrd. təşkil edir.
10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya 2020-ci ildə nəql olunacağı gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz nəqlinə 2018-ci ilin yayında başlanılıb.*
N.Abbasova