Katarina Byorlin Hansen Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz üzrə yeni regional direktoru təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AYİB-in Bakı ofisindən məlumat verilib.
“K.B.Hansen aprelin 1-dən bu vəzifədə Bruno Balvaneranı əvəz edəcək. B.Balvanera AYİB-in Mərkəzi Asiya ölkələri üzrə idarəedici direktoru təyin olunub”, - deyə məlumatda bildirilir.
K.B.Hansen 2016-cı ilədək AYİB-in Cənubi Qafqazda infrastruktur layihələri üzrə koordinatoru vəzifəsində çalışıb.
Bu günədək AYİB regionda 564 layihənin həyata keçirilməsinə 7,77 mlrd. avro məbləğində sərmayə yatırıb.
31 oktyabr 2018-ci il tarixinə olan məlumata görə, AYİB Azərbaycanda 168 layihəyə 3,2 mlrd. avro sərmayə yatırıb. Hazırda respublikada 46 layihə reallaşdıran bank 1,5 mlrd. avro məbləğində aktiv portfelə malikdir. Bu portfelin 25%-i özəl sektorun, 2%-i kapitala investisiya qoyuluşlarının payına düşür.*
Ə.Məmmədov