Azərbaycan prezidenti İlham Əliyev Aqrar Xidmətlər Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
Prezidentin müvafiq fərmanı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Aqrar Xidmətlər Agentliyi Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılır.
Agentlik baytarlıq və fitosanitar xidmətlərinin təşkilini və idarə edilməsini, keyfiyyətinə nəzarəti həyata keçirir, bu sahədə dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) fəaliyyətini əlaqələndirir.
Həmçinin Agentlik kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini DAİM vasitəsilə həyata keçirir, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarət edir.
Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfərdir.
Kənd Təsərrüfatı Nazirliyinə Agentliyin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, regionlarda DAİM vasitəsilə göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin reqlamentlərini üç ay müddətində təsdiq etmək tapşırılıb. **
N.Abbasova