SOCAR şirkəti (ARDNŞ) hava şəraitinin pisləşməsi ilə əlaqədar 1,7 mindən çox neftçini təxliyə edib. Bu barədə şirkətin saytında məlumat verilir.
“Yanvarın 17-də hava şəraitinin kəskin pisləşəcəyi proqnozu ilə əlaqədar olaraq, SOCAR üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir. hava və dəniz nəqliyyatları vasitəsi ilə 1,7 mindən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır”, - məlumatda deyilir.
Bildirilib ki, hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.
“Bundan əlavə, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir", - məlumatda qeyd edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Hava şəraitinin dəyişəcəyii ilə əlaqədar bütün struktur və təşkilatlar məlumatlandırılıb.
Departament qeyd edir ki, Xəzər dənizi akvatoriyasında şiddətli küləyin sürətinin 35-38 m/s, açıq dənizdə 38-40 m/s-yə çatacağı gözlənilir. Dənizdə dalğaların maksimum hündürlüyü 6-8 metr və daha artıq təşkil edə bilər. **
N.Abbasova