2019-cu ilin ortalarında Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Bu iclas çərçivəsində BƏƏ şirkətləri və rəsmiləri Azərbaycan layihələri ilə yerində tanış olacaq və yeni əməkdaşlıq istiqamətləri müəyyən ediləcək”, – deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, yanvarın 15-də Dubayda Azərbaycan Ticarət Evi açılıb. İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, indiyədək BƏƏ Azərbaycana 2,1 mlrd. dollar, Azərbaycan isə BƏƏ-yə 330 mln. dollar investisiya yatırıb. 2018-ci ilin yanvar-noyabr aylarında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 13% artıb.
Hökumətlərarası Komissiyanın 6-cı iclası 2017-ci ilin aprel ayında Dubayda keçirilib.*
B.Rüstəmbəyov