«SOCAR karbamid» zavodu hazır məhsul ixracından illik $160 mln.-dək gəlir əldə edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyevin iştirakı ilə “SOCAR karbamid” zavodu istifadəyə verilib.
Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
“İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq və hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək”, - deyə məlumatda bildirilir.
Hazırda zavodda təxminən 500 nəfər daimi işlə təmin edilib.
Layihənin ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Cənubi Koreyanın İxrac-idxal Bankından (KEXIM), habelə Societe Generale (Fransa), Deutsche Bank (Almaniya) və UniCredit (Avstriya) banklarından dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Həmçinin layihə ilə bağlı vergi və rüsumların, habelə digər xərclərin ödənilməsi məqsədi ilə SOCAR tərəfindən təxminən 100 milyon avro məbləğində vəsait ayrılıb.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir. Zavod gündəlik 1,2 min ton ammonyak və 2 min ton karbamid istehsal edəcək.*
N.Abbasova