Britaniyanın "Anglo Asian Mining" şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2018-ci ildə 83,736 min unsiya qızıl hasil edib ki, bu da 2017-ci ilin göstəricisindən 17,2% çoxdur. Bu barədə şirkətin məlumatında deyilir.
“2018-ci il üçün qızıl hasilatı üzrə proqnoz 78 mindən 84 min unsiyayadək həcmində olduğu halda, hasilatın faktiki həcmi 83,736 min unsiya təşkil edib. Bu, 2017-ci ilin göstəricisindən 17,2% çoxdur (71,461 min unsiya olub)”, - məlumatda deyilir.
Ötən il şirkət mis hasilatını 17,4% - 1,645 min tonadək azaldıb, gümüş istehsalı 21,6% - 210,184 min unsiyaya qədər artıb. Həmçinin 2018-ci ildə şirkət tərəfindən 8,767 min ton mis konsentratı hasil edilib.
“2018-ci ildə “Anglo Asian Mining” 59,481 min unsiya qızıl külçə satıb (artım 36,8%) və hər unsiya üçün orta satış qiyməti $1,265 min təşkil edib (2017-ci illə müqayisədə dəyişməyib)”, - məlumatda qeyd olunur.
Bundan əlavə, ötən il şirkət $15,4 mln. məbləğində 7,675 min ton mis konsentratı satıb.
“2019-cu ildə şirkət mpvcud “Qədir” mədəninin helikopter çəkilişini, həmçinin Gədəbəydə bir sıra əlavə qızıl və mis yataqlarının təhlilini həyata keçirməyi planlaşdırır”, - məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, PSA tipli müqavilə 1997-ci il avqustun 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51% “Anglo Asian Mining PLc” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə əsasən bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 min ton mis çıxarılması nəzərdə tutulur.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.“Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında isə şirkət “Qədir” yatağında, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağında qızıl hasilatına başlayıb.**
Ə.Məmmədov