İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri deyib.
“İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək, sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”, – deyə o, bu gün Bakıda prezident İlham Əliyevlə görüşdə bildirib.
Baş Qərargah rəisi qeyd edib ki, İranın Ali Rəhbəri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra daha çox güclənməsini zəruri hesab edir.
Azərbaycan-İran əlaqələrinin bu gün ən yüksək pilləyə qalxdığını deyən prezident İlham Əliyev son illər ərzində prezidentlər səviyyəsində 10-dan çox görüşün keçirilməsinin münasibətlərin inkişafında xüsusi rolunu qeyd edib. “Dövlət başçısı digər səviyyədə qarşılıqlı səfərlərin də əlaqələrin genişləndirilməsi baxımından önəmini vurğulayıb”, - deyə məlumatda bildirilir.
İ.Əliyev İran tərəfinin Qarabağ məsələsi ilə bağlı ədalətli mövqeyini yüksək qiymətləndirib. O, işğal edilmiş ərazilərdə Azərbaycanın tarixi-dini abidələrinin ermənilər tərəfindən dağıdıldığını diqqətə çatdırıb.*
R.Babayev