Bakı Şəhər İcra Hakimiyyəti yanvarın 17 və 18-də hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqəqdar xüsusi iş rejiminə keçəcək. Bu barədə İH-nin mətbuat katibi İsrafil Kərimov məlumat verib.
“İH-nin tabeliyində olan bütün strukturlar, o cümlədən məktəbəqədər müəssisələrə yanvarın 17 və 18-də xüsusi iş rejiminə keçmək tapşırılıb”, - İ.Kərimov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Bakı Şəhər İH-nin nəzarətində olan müəssisələrə hələ yanvarın 15-də “hava şəraitinin kəskin pisləşməsinə hazırlıq barədə tapşırıq verilib”.
Məktəbəqədər müəssisələrdə uşaqların davamiyyət məsələsinə gəlincə isə, İ.Kərimov qeyd edib ki, bu məsələ valideynlər tərəfindən həll olunmalıdır.
Öncə, çərşənbə günü təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.
Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Hava şəraitinin dəyişəcəyii ilə əlaqədar bütün struktur və təşkilatlar məlumatlandırılıb.
Departament qeyd edir ki, Xəzər dənizi akvatoriyasında şiddətli küləyin sürətinin 35-38 m/s, açıq dənizdə 38-40 m/s-yə çatacağı gözlənilir. Dənizdə dalğaların maksimum hündürlüyü 6-8 metr və daha artıq təşkil edə bilər. **
F.İsazadə